Qadınlarda sidik saxlamamazlığının müayinə və müalicə üsulları

Abdullayeva Səbinə Kamal qızı
(mama- ginekoloq)

Qadınların uroloji klinikaya çoxsaylı müraciətlərinin səbəbi sidik ifrazı aktının pozulmalarından olan sidik saxlamamazlıq (inkontinensiya) problemidir. Həmin pozğunluqlar xəstələrin həyat keyfiyyətinə mənfi təsir göstərir, sağlam həyat tərzini pozan  sosial problemə çevrilir.

       Sidik kisəsi ilk növbədə çoxsaylı xolinergik və adrenergik inervasiyaya malikdir. Xolinergik inervasiya bütövlükdə sidik kisəsinin evakuator funksiyasını təmin edir.

Qadınlarda sidik saxlamamazlığına  gətirən  səbəblər yaş dövrü, ağır fiziki əmək, çanaq dibi əzələlərin zəifliyi və doğuş vaxtı zədələnməsi, kiçik çanaq boşluğu orqanlarında aparılan əməliyyatlar, piylənmə, menopauza, sidik yollarının residiv infeksiyaları, nevroloji xəstəliklər və s.- dir.

Sidik ifrazı aktı pozğunluqlarının ən çox rast gələn simptomları təcili sidiyə çağırışlar, pollakiuriya, gecə və gündüz sidik saxlamamazlığıdır.

Pollakiuriya 3 əlamətlə xarakterizə olunur:

 

-  Sidik ifrazının tezləşməsi (6-8 dəfədən artıq)

-  Bir dəfəyə ifraz olunan sidiyin miqdarının azalması

-  Sidik kisəsinin tam (qalıq sidiksiz) boşalması

Sidik saxlanmazlığının 3 klinik forması mövcuddur:

1.   Stress mənşəli sidik saxlanmazlıqgərginlik zamanı ( öskürdükdə, asqırdıqda, cinsi əlaqə zamanı, oturaq vəziyyətdən qalxdıqda)  sidiyin qeyri-iradi axması.

2.    Urgent sidik saxlanmazlıqsidiyə çağırış zamanı əmələ gəlir.

3.    Qarışıq sidik saxlanmazlıq kəskin sidiyə çağırışla sidiyin qeyri-iradi axması, eləcə də gərginlik zamanı sidik saxlanmazlıq.  

Əsas müayinə metodlarına sidik - cinsiyyət sisteminin və kiçik çanaq üzvlərinin fizikal müayinəsi, öskürək sınağı, laborator müayinələr, funksional müayinə üsulları  (ultrasəs, rentgenoloji), urodinamik və digər  üsullar aiddir.

Urodinamika sidiyin saxlanılmasında və nəqlində iştirak edən fizioloji və patoloji amillərin müəyyənləşdirilməsi və ölçülməsi ilə bağlı neyrouroloji diaqnostik vasitədir.Urofloumetriya üsuluna sidik ifrazının keyfiyyət və kəmiyyət cəhətdən xarakterizə edən, o cümlədən sidik axınının maksimal və orta sürəti, boşalmış həcm, sidik ifrazı müddəti, gözləmə müddəti kimi bir neçə göstəricinin müəyyən edilməsi daxildir. Əldə edilən nəticələr sidik kisəsinin və uretranın funksiyaları barədə təsəvvür yaradır. Urodinamik müayinəsiz xəstəliyin düzgün diaqnostika və müalicəsi qeyri-mümkündür.

Qeyri-iradi sidik ifrazının müalicəsində konservativ və cərrahi üsullardan ayrı-ayrılıqda və ya müştərək şəkildə istifadə etmək olar.

Konservativ müalicəyə farmakoloji və fizioterapiya (çanaq dibi əzələlərin elektrikstimulyasıyası: rektal, vaginal, uretral; kvant- lazer, UST, maqnitoterapiya) daxildir.

Cərrahi müalicəyə biopolimerlerin inyeksiya vasitəsi ilə implantasiyası və TVT əməliyyatı və s. əməliyyatlar aiddir.

Sidik saxlanmazlığın profilaktikası sidiyi vaxtında boşaltmaq, sidikliyin hədsiz dolmasına imkan verməmək, fiziki yüklənmədən çəkinmək, çəkinin artmasına imkan verməmək, aşağı sidik yollarının iltihabi xəstəliklərini vaxtında müalicə etmək, xroniki asqırmaya səbəb olan ağ ciyərlərin obstruktiv xəstəliklərinin qarşısını almaqdan ibarətdir.Qeyd edək ki, sidik saxlanmazlığı, vaxtında müalicə olunarsa, tez sağalan xəstəlikdir.

Klinikamızda belə xəstələrin konservativ və cərrahi müalicəsi uğurla aparılır.


Parauretral kista

Qadınlar arasında sidik kanalının kistoz xəstəliyi nisbətən tez-tez rast gəlir. Bu xəstəlik haqqında ilk dəfə Skene və Westbruk 1880 cı ildə, V.N.Stepanov 1974 cü ildə 24 xəstə haqqında məlumat vermişdir.Parauretral kistalar anadangəlmə və ya qazanılma olur. Skin vəzilərindən əmələ gəlir. Skin vəzlərində olan patoloji proseslər az öyrənilmişdir. Bir qayda olaraq bu vəzlər hamiləlik dövründə hipertrofiləşir, klimakterik dövrdə isə atrofiləşir. Xəstənin şikayəti sidik kanalının xarici dəliyi nahiyəsində şişkinliyin, irinli ifrazatın,cinsi əlaqə zamanı ağrının, sidik ifrazı pozğunluqlarının olmasındandır. Kistanın iltihablanması zamanı çox vaxt absess əmələ gəlir ki, bu da sidik kanalına açılır, sonradan fistula əmələ gəlir. Kista əsasən sidik kanalının xarici dəliyi nahiyyəsində törəməyə bənzər formada yerləşir, ölçüsü təxminən 2-4 sm-ə kimi olur, səthi gərgin olub, şara bənzər formada olur. Uşaqlıq yolu nahiyyəsindən asanlıqla əllənir və bir qədər təzyiq etdikdə sidik kanalında ifrazat müşahidə olunur. Kistanın boşluğu yastıepitel qatı ilə örtülmüş olur.Möhtəviyyatı irinli və ya kazeoz olur. Kista daxilində bəzən konkriment əmələ gəlir ki, bu da palpasiya zamanı dəqiq hiss olunur.

Təcrübəmizdə misal göstəririk: Xəstə M. 24 yaş, sidik ifrazının narahat, ağrılı olması, şırımın ətrafa yayılması, sidik kanalının xarici dəliyi nahiyyəsində şişkinliyin olması şikayəti ilə müraciət etmişdir. Xəstənin dediyinə görə bu əlamətlər hamiləlik dövründə yaranmışdır. Müayinə zamanı irinləmiş parauretral kista diaqnozu qoyulmuş, cərrahi əməliyyat-kistanın kəsilib çıxarılması-aparılmış, bu zaman 10 ml-dən artıq irinli ifrazat xaric edilmişdir. Xəstə 1 sutkadan sonra evə yazılmışdır, hal-hazırda şikayəti yoxdur.